Basketbol millimiz San Marinoya da qalib gəldi, yarımfinala çıxdı

Kosovoda 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunda qrup mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, Azərbaycanın U-16 yığması da bu gün qrupdakı sonuncu oyununa çıxıb.

Kosovonun paytaxtı Priştina şəhərində baş tutan oyunda millimiz San Marino yığmasıyla qarşılaşıb.

B qrupunun oyununda basketbol yığmamız rəqibinə 96:47 hesabıyla qalib gəlib. Bu qələbə sayəsində Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimiz qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda U-16 millimizin rəqibi Kosovo – Andorra oyununun məğlubu olacaq. Oyun iyulun 26-da baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsinin ilk oyununda Kipr yığmasına 51:65 hesabıyla məğlub olsa da, sonradan Ermənistana 92:58, Albaniyaya 87:67 hesabıyla qalib gəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: