Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 16-cı turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.
Günün yeganə qarşılaşması Xaçmaz Olimpiya İdman Kompleksində keçirilib. Burada “NTD-İndiqo” yerli publika önündə “Neftçi”ni sınağa çəkib.
Pley-off zonasında qərarlaşmış komandaların duelində “NTD-İndiqo” qələbəyə sevinib – 94-85. Qalib komandanın ən məhsuldar basketbolçusu Qriffin Remmi (25 xal, 10 assist) olub. “Neftçi”də isə Alfonso Villis fərqlənib – 24 xal, 11 ribaund.
Turun daha öncə baş tutmuş oyunlarında “Xırdalan” “Sərhədçi”yə (112:105), “Sabah” “Şəki”yə (93:80), “Sumqayıt” “Xəzri”yə (84:77), “Gəncə” “Cəlilabad”a (103:91) qalib gəlmişdi.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
- Xəzri (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
- NTD-İndiqo (16 oyun, 12 qələbə, 4 məğlubiyyət) – 28 xal
- Neftçi (16 oyun, 11 qələbə, 5 məğlubiyyət) – 27 xal
- Xırdalan (16 oyun, 10 qələbə, 6 məğlubiyyət) – 26 xal
- Sərhədçi (16 oyun, 6 qələbə, 10 məğlubiyyət) – 22 xal
- Sumqayıt (16 oyun, 6 qələbə, 10 məğlubiyyət ) – 22 xal
- Cəlilabad (16 oyun, 5 qələbə, 11 məğlubiyyət) – 21 xal
- Gəncə (16 oyun, 4 qələbə, 12 məğlubiyyət) – 20 xal
- Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal


