Basketbol: “Neftçi” Şuşada yarımfinala çıxdı, millimiz qrupda qaldı

Bu gün Şuşa şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının qrup mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov və bir sıra qonaqlar iştirak ediblər.

Açılış oyunu A qrupunda yer alan Almaniya və Türkiyə milliləri arasında baş tutub. Bu görüşdə Almaniya millisi 17:9 hesablı qələbə qazanıb.

B qrupunda yer alan Azərbaycan milli komandası isə ilk oyununu Macarıstan yığmasına qarşı keçirib. Komandamız bu oyunda 6:21 hesablı məğlubiyyətlə üzləşib. Millimiz Yaponiyanın “G FLOU” komandası və Niderland yığması ilə oyunlardan da məğlub ayrılmaqla qrupda qalıb.

A qrupunda qərarlaşan Azərbaycanın “Neftçi” klubu isə ilk oyununu Rumıniya millisinə qarşı keçirib. Gərgin oyunun yekununda Azərbaycan təmsilçisi meydançadan 20:11 hesabı ilə qalib ayrılıb. “Ağ-qaralar” daha sonra Türkiyə millisini 21:7, Almaniya yığmasını isə 16:14 hesabıyla üstələyərək qrup qalibi olub. Azərbaycan təmsilçisi qrupda birinci yeri tutmaqla birbaşa yarımfinala adlayıb.

B qrupunda isə Niderland seçməsi birinci yeri tutmaqla yarımfinala adlayıb.

Sabah turnirdə əvvəlcə 1/4 final görüşləri baş tutacaq. Macarıstan yığması Rumıniyanı, Almaniya millisi “G FLOU” komandasını sınağa çəkəcək. Qaliblər yarımfinala yüksələcəklər.

Şuşada 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının qrup mərhələsi çərçivəsində baş tutan oyunlarda qeydə alınan nəticələr belə olub:

A qrupu

Almaniya – Türkiyə 17:9
Rumıniya – “Neftçi” 11:20
Türkiyə – “Neftçi” 7:21
Almaniya – Rumıniya 21:15
Rumıniya – Türkiyə 19:18
“Neftçi” – Almaniya 16:14

B qrupu

Niderland – “G FLOU” 15:9
Macarıstan – Azərbaycan 21:6
“G FLOU” – Azərbaycan 21:6
Niderland – Macarıstan 20:14
Macarıstan – “G FLOU” 21:10
Azərbaycan – Niderland 9:21

1/4 final

Macarıstan – Rumıniya

Almaniya – “G FLOU”

Xəbəri sosial şəbəkələrdə paylaş: