Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, hər iki oyun B qrupu çərçivəsində baş tutub.
Əvvəlcə “Şəki” evdə “Quba”nı qəbul edib. Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibi rəqibi 78:56 hesabı ilə məğlub edib.
Turun son görüşü Lənkəran Olimpiya İdman Kompleksində baş tutub. Yerli “Lənkəran” “Gəncə”yə 66:79 hesabı ilə uduzub.
Xatırladaq ki, turun əvvəlki görüşlərində A qrupunda “Sabah” “Sərhədçi”yə 85:78, NTD “Abşeron”a 87:77, “Neftçi” “Naxçıvan”a 73:63 hesabları ilə qalib gəlmişdi. B qrupunda isə “Ordu” “Sumqayıt”ı məğlub etmişdi – 89:82.
Azərbaycan Basketbol Liqası
B qrupu, 11-ci tur
19 yanvar
“Şəki” – “Quba” 78:56 (20-17, 15-23, 20-10, 23-6)
“Şəki” Olimpiya İdman Kompleksi.
“Lənkəran” – “Gəncə” 66:79 (21-18, 9-19, 16-23, 20-19)
“Lənkəran” Olimpiya İdman Kompleksi.
Xallar: Şəki – 20. Ordu – 19. Gəncə – 17. Sumqayıt – 14. Quba – 14. Lənkəran – 12.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.


