Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 17-ci turunun qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Günün yeganə qarşılaşması “Sərhədçi” İdman Mərkəzində keçirilib. Turun açılış oyununda “Xəzri” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Xəzri” pley-off uğrunda mübarizə aparan “Sərhədçi”yə 70:98 hesabıyla uduzub.
Məlumat üçün xatırladaq ki, bu turda “Sumqayıt” “Sabah” məğlub olsa, “Sərhədçi” 6-cı pillədən pley-off yarışına vəsiqəni təmin edəcək.
Qalib komandanın ən məhsuldar basketbolçusu Cəbrayıl Əkbərov olub – 18 xal, 8 ribaund. “Xəzri”də isə Yusuf Məhəmməd fərqlənib – 24 xal, 4 ribaund.
17-ci turun qalan oyunları (“Neftçi” – “Xırdalan”, “Sumqayıt” – “Sabah”, “Cəlilabad” – “NTD-İndiqo”, “Şəki” – “Gəncə”) aprelin 11, 12, 13 və 14-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
- Sabah (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
- NTD-İndiqo (16 oyun, 12 qələbə, 4 məğlubiyyət) – 28 xal
- Neftçi (16 oyun, 11 qələbə, 5 məğlubiyyət) – 27 xal
- Xırdalan (16 oyun, 10 qələbə, 6 məğlubiyyət) – 26 xal
- Sərhədçi (17 oyun, 7 qələbə, 10 məğlubiyyət) – 24 xal
- Sumqayıt (16 oyun, 6 qələbə, 10 məğlubiyyət ) – 22 xal
- Cəlilabad (16 oyun, 5 qələbə, 11 məğlubiyyət) – 21 xal
- Gəncə (16 oyun, 4 qələbə, 12 məğlubiyyət) – 20 xal
- Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal


