Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 17-ci turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir görüş baş tutub.
Günün yeganə qarşılaşması Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. Pley-off uğrunda mübarizə aparan “Sumqayıt” çempionatın liderlərindən sayılan “Sabah”ı qəbul edib. Oyun “Sabah”ın 93:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu Dezmond Kembric olub – 23 xal, 8 ribaund. “Sumqayıt”da isə Lenard Dikson fərqlənib – 28 xal, 7 ribaund.
Bu qələbədən sonra “Sabah” turnir cədvəlində vahid lider olub. Məğlub olmuş “Sumqayıt” pley-off şanslarını itirib və “Sərhədçi”nin pley-offa vəsiqə qazanması rəsmiləşib.
Xatırladaq ki, 17-ci turun əvvəlki oyunlarında “Sərhədçi” “Xəzri”yə 98:70, “Xırdalan” “Neftçi”yə 114:109 hesabıyla qalib gəlmişdi. Turun qalan oyunları (“Cəlilabad” – “NTD-İndiqo”, “Şəki” – “Gəncə”) aprelin 13-də və 14-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (17 oyun, 14 qələbə, 3 məğlubiyyət) – 31 xal
- Xəzri (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
- NTD-İndiqo (16 oyun, 12 qələbə, 4 məğlubiyyət) – 28 xal
- Xırdalan (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Neftçi (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Sərhədçi (17 oyun, 7 qələbə, 10 məğlubiyyət) – 24 xal
- Sumqayıt (17 oyun, 6 qələbə, 11 məğlubiyyət ) – 23 xal
- Cəlilabad (16 oyun, 5 qələbə, 11 məğlubiyyət) – 21 xal
- Gəncə (16 oyun, 4 qələbə, 12 məğlubiyyət) – 20 xal
- Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal