Azərbaycanın yeniyetmələrdən ibarət basketbol üzrə milli komandalarının Avropa çempionatında keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 9-14 iyul aralığında Albaniyanın paytaxtı Tirana şəhərində 16 yaşlı oğlanlar arasında Avropa çempionatının “C” Divizionunun oyunları baş tutacaq. A qrupunda qərarlaşmış U-16 millimiz, Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu iyulun 9-da yerli Albaniya yığmasına qarşı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Yığmamız qrupda növbəti oyunlarını Moldova (10 iyul, saat 16:30) və Malta (11 iyul, saat 16:30) millilərinə qarşı keçirəcək.
9-14 iyul aralığında isə Cəbəllütarriqdə 16 yaşlı qızlar arasında Avropa çempionatının “C” Divizionunun oyunları baş tutacaq. A qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz, Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu Ermənistan yığmasına qarşı olacaq. İyulun 9-da keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 15:00-da start veriləcək. Qızlarımız qrupda növbəti oyunlarını Gürcüstan (10 iyul, saat 12:30) və Kipr (11 iyul, saat 12:30) millilərinə qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi “Youtube” hesabından canlı olaraq yayımlanacaq.


