16 yaşadək oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatının C Divizionunda növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi milli komandamız bu gün Moldova yığması ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranada keçirilən qarşılaşma Azərbaycan millisi üçün uğurlu alınıb. Belə ki, görüş seçməmizin 78:55 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığmasının baş məşqçisi Tahir Baxşıyev matçdan sonra fikirlərini bölüşüb. Gənc mütəxəssis Moldova üzərində qazanılan qələbəni belə şərh edib:
“İlk perioda yaxşı başlasaq da, növbəti periodda çoxlu səhvlər buraxdıq. Mudafiədə boşluqlar verdik. Uşaqlar bir az inamsız çıxış etdilər. Fasilədə onlarla danışıqlar aparıb, vəziyyəti dəyişə bildik. Onlara nə etməli olduqlarını başa saldıq. Nəticədə 3-cü və 4-cü periodda əla çıxış edib, inamlı qələbə qazandıq. Bütün basketbol ictimaiyyətini təbrik edirəm”.
Xatırladaq ki, U-16 millimiz dünən turnirin ilk oyununda meydan sahibi Albaniyaya 56:60 hesabı ilə məğlub olmuşdu. Basketbol yığmamız növbəti görüşünü iyulun 11-də Malta yığmasına qarşı keçirəcək. Bu oyuna saat 16:30-da start veriləcək.


