29 iyul – 6 avqust aralığında Bakıda 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları baş tutacaq.
Arena.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzinin ev sahibliyi edəcəyi U-18 Avropa çempionatının C Divizionunda 9 milli komanda A və B qruplarında mübarizə aparacaqlar.
A qrupunda qərarlaşmış U-18 millimiz Malta, Kipr və Moldova seçmələrinə qarşı mübarizə aparacaq.
B qrupunda isə Andorra, Lüksemburq, San Marino, Monako və Cəbəllütariq milliləri növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaqlar.
Çempionatın açılış oyunu B qrupunda qərarlaşmış Monako və San Marino yığmaları arasında keçiriləcək. Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu isə 29 iyulda Maltaya qarşı keçirəcək. Bu oyuna saat 20:00-da start veriləcək.
Qeyd edək ki, millimizin bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı olaraq basketbol sevərlərə təqdim olunacaq. Avropa çempionatının bütün oyunları həm də, FİBA-nın rəsmi “Youtube” hesabından canlı yayımlanacaq.


