Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün final seriyasının ilk oyunu keçirilib.
Arena.az xəbər verir ki, çempionatın qalibi adı uğrunda “Sabah” və “Xəzri” komandaları mübarizə aparırlar.
Bu komandalar arasındakı final seriyasının ilk oyununda “Xəzri” 95:70 hesabı ilə qalib gəlib. Bu qələbə ilə “Xəzri” final seriyasında 1:0 hesablı üstünlük əldə edib.
Qalib komandanın ən məhsuldar basketbolçusu Ceremi Maklaflin olub – 20 xal, 5 ribaund. “Sabah”da isə Maykl Holton fərqlənib – 19 xal, 9 assist.
Qeyd edək ki, final seriyasında üç qələbə qazanan komanda Azərbaycan çempionu adına sahib çıxacaq. Seriyanın növbəti oyunları mayın 19-da və 22-də baş tutacaq.


