Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 17-ci turunun növbəti qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.
Günün yeganə qarşılaşması “Sərhədçi” İdman Mərkəzində keçirilib. “Neftçi” və “Xırdalan” komandalarının üz-üzə gəldiyi oyunun əsas vaxtı 89:89 hesabı ilə yekunlaşıb. İki əlavə vaxtın olduğu oyunda daha yaxşı təsir bağışlayan “Xırdalan”, Teyvion Körkün 45 xalla tripl-dabl etməsi sayəsində rəqibi üzərində 114:109 hesablı qələbə qazanıb. Nəticədə bu komanda turnir cədvəlində “Neftçi”ni geridə qoyaraq 4-cü pilləyə yüksəlib.
Qalib komandanın ən məhsuldar basketbolçusu elə Teyvion Körk olub – 45 xal, 11 ribaund, 10 assist. “Neftçi”də isə Di Ancelo Stüart fərqlənib – 35 xal, 5 assist.
Xatırladaq ki, bir gün öncə baş tutan turun açılış oyununda “Sərhədçi” “Xəzri”yə 98:70 hesabıyla qalib gəlmişdi.
17-ci turun qalan oyunları (“Sumqayıt” – “Sabah”, “Cəlilabad” – “NTD-İndiqo”, “Şəki” – “Gəncə”) aprelin 12, 13 və 14-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
- Sabah (16 oyun, 13 qələbə, 3 məğlubiyyət) – 29 xal
- NTD-İndiqo (16 oyun, 12 qələbə, 4 məğlubiyyət) – 28 xal
- Xırdalan (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Neftçi (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Sərhədçi (17 oyun, 7 qələbə, 10 məğlubiyyət) – 24 xal
- Sumqayıt (16 oyun, 6 qələbə, 10 məğlubiyyət ) – 22 xal
- Cəlilabad (16 oyun, 5 qələbə, 11 məğlubiyyət) – 21 xal
- Gəncə (16 oyun, 4 qələbə, 12 məğlubiyyət) – 20 xal
- Şəki (16 oyun, 16 məğlubiyyət) – 15 xal


