Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol üzrə yığmaları Avropa Kubokunun seçmə mərhələsində növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, Kiprin Limassol şəhərində təşkil olunmuş seçmə mərhələ çərçivəsində qadınlardan ibarət yığmamız əvvəlcə yarımfinal görüşünə çıxıb.
Malta komandası ilə qarşılaşan basketbolçularımız bu rəqib üzərində 11:10 hesablı qələbə qazanaraq finala yüksəliblər. Finalda yığmamızın rəqibi Lüksemburq seçməsi olub. Təəssüf ki, qadınlardan ibarət yığmamız həlledici görüşdə Lüksemburqa 6:9 hesabı ilə məğlub olub.
Kişilərdən ibarət yığmamız isə günə qrup mərhələsindəki sonuncu oyunla start verib. Azərbaycan millisinin qrupdakı sonuncu rəqibi Lüksemburq yığması olub. 14:16 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib.
Bu mərhələdə Azərbaycan yığması İrlandiya komandası ilə üz-üzə gəlib. 6:21 hesabı ilə uduzan kişilərdən ibarət millimiz də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, Azərbaycanın 3×3 basketbol üzrə milli komandaları ilk yarış günündə aşağıdakı nəticələrə imza atmışdılar:
Avropa Kubokunun seçmə mərhələsi
17 iyun
Kişilər, A qrupu
Azərbaycan – Malta 20:14
Azərbaycan – Kipr 11:22
Qadınlar, A qrupu
Azərbaycan – Malta 17:15
Azərbaycan – İrlandiya 16:10


