Kosovoda 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunda yarımfinal görüşləri keçirilib.
Arena.az xəbər verir ki, Azərbaycanın U-16 yığması da bu gün növbəti oyununa çıxıb.
Kosovonun paytaxtı Priştina şəhərində baş tutan oyunda millimiz finala vəsiqə uğrunda Andorra seçməsi ilə üz-üzə gəlib.
Yığmamız bu oyunda da 87:64 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.
Milli komandamızın finaldakı rəqibi Kipr – Kosovo cütünün qalibi olacaq.
Qeyd edək ki, final qarşılaşması sabah – iyulun 27-də keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Xatırladaq ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimiz qrup lideri kimi yarımfinala vəsiqə qazanmışdı. Azərbaycan millisi qrup mərhələsinin ilk oyununda Kipr yığmasına 51:65 hesabıyla məğlub olsa da, sonradan Ermənistana 92:58, Albaniyaya 87:67, San Marinoya isə 96:47 hesabıyla qalib gəlmişdi.


