Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən (U-18) basketbol üzrə Avropa çempionatının C divizionunun oyunları davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan millisi bu gün 5-9-cu yerlər uğrunda ilk oyununa çıxıb.
Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi komandamız Bakıda Cəbəllüttariq seçməsi ilə üz-üzə gəlib. Millimiz bu oyunda 75:58 hesablı qələbəyə sevinib.
Yığmamızın növbəti rəqibi Andorra olacaq. Avqustun 5-də keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.
Xatırladaq ki, basketbol yığmamız qrup mərhələsindəki ilk oyununda Malta seçməsinə 73:54 hesabı ilə qalib gəlsə də, sonradan Kipr yığmasına 48:78, Moldova komandasına da 64:70 hesabıyla uduzmuşdu.


