“Bayer”in idman direktoru Xabi Alonsonun gələcəyi ilə bağlı danışdı

“Bayer”in idman direktoru Simon Rolfes ispan mütəxəssis Xabi Alonsonun Leverkuzen klubunda gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Frankfurter Rundschau” dərgisinə istinadən, Rolfesin bu xüsusda cavabını təqdim edir:

“Mən sakit və nikbin qalıram. Məşqçilər üçün ən önəmlisi onların özlərini rahat hiss etmələri və özlərini doğru yerdə hiss etmələridir. Xabi bunu dəfələrlə deyib”, deyə alman mütəxəssis vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Xabi Alonso ilə “Liverpul” və “Bayern”in fəal surətdə maraqlandığı bildirilirdi.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 41 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

Hazırda Xabi Alonsonun “əczaçıları” Bundesliqanın 23 turundan 61 xalla turnir cədvəlinin vahid liderləridir. Həmçinin “Bayer” Avropa Liqasında da mübarizə aparır və yarışın qalibi adına əsas namizədlərdən biridir.

Qeyd edək ki, “Bayer” Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq. Bu komandaların ilk oyunu martın 7-də Bakıda, cavab görüşü isə bir həftə sonra, ayın 14-də Leverkuzendə baş tutacaq.

Bu komandalar Avropa Liqasının qrup mərhələsində də qarşılaşmışdılar. Azərbaycan çempionu Almaniyadakı oyunda 1:5, Bakıdakı görüşdə 0:1 hesabıyla uduzmuşdu. Yekunda “Bayer” qrup lideri kimi 1/8 finala, “Qarabağ” isə pley-offa vəsiqə qazanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: