Futbol üzrə Almaniya Bundesliqasının son turunda sürpriz şəkildə çempionluğu bayram edən “Bayern” klubunda şok ayrılıqlar qeydə alınıb.
Arena.az xəbər verir ki, Münhen təmsilçisi 34-cü tur çərçivəsində baş tutan “Köln”lə çempionluq matçı bitən kimi klubun idarə heyətinin sədri Oliver Kanla və idman direktoru Hasan Salihamiciçlə yollarını ayırdığını rəsmən açıqlayıb.
Klubun rəsmi saytının yaydığı məlumatda qeyd olunub ki, müşahidə şurasının növbədənkənar iclasında çıxarılmış qərara görə Kan və Salihamiciç tutduğu vəzifədən azad ediliblər.
Artıq Oliver Kanı kimin əvəz edəcəyi də bəllidir. Onun yerinə Kristian Drizen təyinat alıb. Hasan Salihamiciçin vəzifəsinə təyinat isə hələ təsdiqlənməyib.
Klubun prezidenti Herbert Hayner istefalarla bağlı fikirlərini bildirib:
“Müşahidə şurasının Oliver Kandan ayrılmaq qərarı necə olursa, olsun, lap yəqin asanlıqla verilməyib. Vəziyyətin ümumi axarına müvafiq olaraq biz yeni rəhbər təyin etmək qərarına gəldik.
Kana işinə sədaqətinə, ideyalarına və birlikdə nail olduğumuz hər şeyə görə minnətdarlığımızı bildirmək istəyirik. O, həmişə bu klubun vacib hissəsi olaraq qalacaq”.
Xatırladaq ki, KİV-də Oliver Kanın və Hasan Salihamiciçin vəzifəsindən azad edilə biləcəyi haqda məlumat hələ “Köln”lə oyundan öncə yayılmışdı. Amma onların istefasının bir qədər gözlənilməz olan çempionluğun qazanılmasından dəqiqələr sonra açıqlanması böyük şok effekti verib.
Qeyd edək ki, son tura lider kimi daxil olan Dortmund “Borussiya”sı “Maynts”la ev oyununda qalib gəlsəydi, çempion olacaqdı. Lakin bu komandanın 2:2 hesabıyla bitən matçdakı xal itkisi “Bayern” üçün çempionluq şansı yaradıb. Münhen təmsilçisi də səfərdə “Köln”ü 2:1 hesabıyla yenərək tarixində 32-ci dəfə Bundesliqa çempionu olub. Həm münhenlilər, həm də dortmundlular 71 xal toplamalarına baxmayaraq, şəxsi oyunlardakı üstünlük Almaniyanın daha nəhəng klubunun işinə yarayıb.