“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “qaymaqlılar”ın braziliyalı ulduzu Vinisius Juniora hansı məsləhətləri verdiyini açıqlayıb.
Arena.az “Marca” nəşrinə istinadən, “Real”ın fransalı keçmiş hücumçusunun bu barədə məlumatını təqdim edir:
“Mən ona dedim ki, tənqidçilərə fikir verməsin və sürətini azaltmasın, çünki o, dünyanın ən yaxşısıdır və bir gün “Qızıl top”u qazanacaq”, deyə Benzema bildirib.
Xatırladaq ki, “Vini” 2024-cü il “Qızıl top”un səsverməsində gözlənilmədən 2-ci olub. Braziliyalı ulduz qalib adına əsas iddiaçı olsa da, sonda səsvermənin nəticələri “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodrinin xeyrinə olub. Bu, futbol dünyasında şübhə ilə qarşılanıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 23 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 288 oyun, 97 qol, və 83 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.


