Berdıyev: “Gözəl oyundan çox nəticə vacib idi”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 4-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox ağır matç olacağını ehtimal edirdik. Gözlədiyimiz kimi də oldu. Bu gün gözəl oyundan daha çox qələbə qazanmaq vacib idi. Pis oynamadıq, lakin üzərində işləməli olduğumuz məqamlar hələ də çoxdur.

Sayılmayan qola gəlincə, əvvəlki oyundakı epizodda qol olduğunu hiss etmişdim, ancaq bu dəfə qol vurulduğunu görmədim, sadəcə videoda gördüm. Hər halda, mən bu işlərə qarışmamağa çalışıram. Çempionat uzundur, nəsə danışmaq üçün hələ tezdir. Mövsümün axırında hər şeyin necə alınacağını görəcəyik”.

“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“İlk təəssüratlarım bu yöndədir ki, nəticə oyuna görə olmadı. Bu gün xal və xallar qazana bilərdik. Baş məşqçi kimi nəticədən narazı olsam da, oyunumuzda gördüyüm irəliləyiş məni qane etdi. Fikrimcə, qarşıdakı matçlarda daha da yaxşı oyun nümayiş etdirəcəyik. Oyun ərzində bir neçə real epizodumuz oldu. Təəssüf ki, onları qola çevirə bilmədik. Komandamda çatışmayan cəhət məhz budur. “Turan Tovuz” kimi iddialı kollektivlərə qarşı belə epizodları dəyərləndirə bilməyəcəksənsə, bu cür nəticə qaçılmazdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: