Berezutski: “Özüm üçün də belə yerdə qalmaq çətindir”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 31-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı ki, qalib gəldik. Xarakter göstərdik. Son dəqiqələrdə qol vurduq. Çoxdandır ki, bu, bizdə çatışmırdı. Amma mənfi cəhət odur ki, iki qol buraxmışıq. Son matçlarda çox qol buraxırıq.

Artıq bu dəqiqədən etibarən “Neftçi” ilə kubok oyununu düşünməyə başlamışıq. Buna görə, bu matçda çoxlu əvəzetmə etdik ki, futbolçular 90 dəqiqə oynamasınlar”.

Vasili Berezutski mümkün istefası barədə sualı da cavablandırıb:

“Prinsipcə, uğurlar və nəticələr olmadıqda mənim özüm üçün də bir yerdə qalmaq çətindir. Ancaq gələcəkdə nələrin necə olacağını bilmirəm. Vəziyyətə baxacağıq. İndi “Neftçi” ilə oyuna hazırlaşırıq”.

“Səbail”in məşqçisi Elvin Məmmədov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Oyuna tam ciddi hazırlaşmışdıq. Bizi nəyin gözlədiyini yaxşı bilirdik. Futbolçular çox yaxşı mübarizə apardılar. Matçın sonlarında bir az yorğunçuluq baş verdi. Rəqibin də təzyiqi var idi, üstümüzə daha çox gəlirdilər. Layiqli mübarizə apardıq, yaxşı futbol oynadıq. Bu gün bizə nəsib deyilsə, demək ki, qarşıdakı matçlara baxmaq lazımdır.

“Sabah”ı qeyd etmək lazımdır. Bu klubun futbolçuları fərdi olaraq keyfiyyətlidirlər. Onlar üstümüzə bir az da çox gəlməyə başladılar. Həm konsentrasiya, həm də fiziki güc çatmadı. Ən vacibi də konsentrasiyanın itməsi idi”.

Xəbəri sosial şəbəkələrdə paylaş: