Berqomi onu “İnter”in ən dəyərli oyunçusu hesab edir

“İnter”in əfsanəsi, italiyalı keçmiş müdafiəçi Cüzeppe Berqomi Milan təmsilçisinin heyətindəki ən dəyərli oyunçusunu açıqlayıb.

Arena.az Berqominin müvafiq qənaətini təqdim edir:

“Cari mövsümdə “İnter” həm topçalmada və həm də ikinci mərtəbədəki oyununda yaxşıdır. Bu isə Denzel Dumfrisin xidmətidir. O, həm hücum etməyi və həm də müdafiə olunmağı bacarır. Bu il o, “İnter”in heyətində həlledici adamdır”, deyə Berqomi fikrini əsaslandırıb.

Xatırladaq ki, Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğ müqabilində PSV-dən keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib. Dumfrisin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi belə təsvir yaradır: 170 oyun, 19 qol, 22 məhsuldar ötürmə.

Dumfris “İnter”lə ötən mövsüm İtaliya çempionu olub. O, Milan təmsilçisi ilə 2 dəfə İtaliya Kubokunu (2021/2022 və 2022/2023 mövsümlərində), 3 dəfə İtaliya Super Kubokunu (2021/2022, 2022/2023 və 2023/2024 mövsümlərində) qazanıb.

Niderlandlı futbolçu “İnter”dən öncə PSV, “Herenven” və “Sparta” (Rotterdam) klublarının da şərəfini qoruyub. O, “Sparta” ilə 2016-cı ildə Niderland İkinci Liqasının qalibi olub.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 63 oyuna 9 qol, 18 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: