Türkiyə millisinin və “Hatayspor”un hücumçusu Bertuğ Yıldırım bundan sonra Fransanın “Renn” klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi 11 yaşlı forvardı 5 milyon avro qarşılığında heyətinə qatıb. Gənc futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
Bertuğ Yıldırım 2021-ci ilin yayından “Hatayspor”un formasını geyinir. O, bu komandada 37 oyuna 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Bertuğ “Sarıyer” və “Antalyaspor”da da forma geyinib.
“Hatayspor” daha iki futbolçusu ilə vidalaşıb. Mərkəz müdafiəçisi Burak Öksüz “Kocaelispor”a, dayaq yarımmüdafiəçisi Onur Ergün isə “Başakşəhər”ə keçib. Onur yeni klubu ilə 1+1, Burak isə 2 illik müqaviləyə imza atıb.
“Hatayspor” heyətinə yeni futbolçular da cəlb edib. Super Liqa təmsilçisi Fransanın “Anje” klubundan Fauzi Qulamı transfer edib. Əlcəzair yığmasının da üzvü olan 32 yaşlı futbolçu Türkiyə klubu ilə azad agent kimi 1+1 illik müqavilə bağlayıb. “Sent-Etyen” və “Napoli”də də oynamış təcrübəli müdafiəçi Əlcəzair yığmasında 37 oyuna 5 qol vurub.
Belçikanın “Kortreyk” klubunun sol cinah vingeri Didye Lamkel Ze də “Hatayspor”a keçib. O da azad agent kimi bu klubla 2 illik müqaviləyə imza atıb. “Lill”, “Nyor”, “Antverpen”, “Ximki”, “Mets” və “Vidad” kimi klubların da formasını geyinmiş 26 yaşlı hücumçu Kamerun yığmasında 1 oyuna çıxıb.
Albaniyanın “Partizani” klubunun dayaq yarımmüdafiəçisi Massanqa Matondo da “Hatayspor”a keçib. Konqo yığmasının da üzvü olan 24 yaşlı futbolçu daha öncə “Otoho” və “La Manş” klublarında forma geyinib. O, millidə 8 matça çıxıb.