Türkiyənin “Beşiktaş” komandası Azərbaycanın “Sabah” komandasına qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün Bakıya yola düşüb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “qara qartallar” yerli vaxtla saat 11:00-da son məşqə çıxıblar. Türkiyə nəhəngi saatyarım davam edən bu məşqlə “Sabah”la oyuna hazırlığı yekunlaşdırıb. Saat 15:00-da isə komanda Sabiha Gökçen Hava Limanından xüsusi çarter reysi ilə Bakıya yola düşüb.
Komanda ilə yanaşı, klubun vitse-prezidenti Serhan Çetinsaya, ikinci vitse-prezident Engin Baltacı da Azərbaycana gəlir. İstanbul təmsilçisinin idarə heyətində yer alan Ali Bayrak ile Seyit Ateşin də nümayəndə heyətinin tərkibində yer aldığı diqqətə çatdırılıb.
Xatırladaq ki, “Sabah”la Türkiyə nəhəngi arasındakı qardaşlıq matçı sabah – mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) start veriləcək. Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Bu matç xeyriyyə xarakteri daşıyır. Belə ki, oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.