“Beşiktaş”da Rıza Çalımbay dönəmi erkən bitdi – Rəsmi

Türkiyə Super Liqasının 2023/2024 mövsümündə uğursuzluq zolağından çıxa bilməyən “Beşiktaş” Rıza Çalımbay ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Rəsmi açıqlamada Çalımbayla yollar ayrıldığı diqqətə çatdırılıb, ona xidmətlərinə görə təşəkkür edilib:

“Alanyaspor”la matçdan sonra keçirilən iclas nəticəsində İdarə Heyətimiz baş məşqçimiz cənab Rıza Çalımbayla yollarını ayırmaq qərarına gəlib. Əfsanəvi kapitanımız və futbolçumuz Çalımbaya göstərdiyi bütün səylərə görə təşəkkür edirik”.

Xatırladaq ki, bu, cari mövsümdə “Beşiktaş”da üçüncü istefadır. Mövsümə Şenol Günəşin rəhbərliyi altında başlamış İstanbul təmsilçisi onun istefasından sonra müvəqqəti olaraq Burak Yılmaza tapşırılmışdı. Lakin onun dövründə də məğlubiyyətlər sıralanınca Burak Yılmaz özü postundan ayrılmağa qərar vermişdi. Nəticədə klub rəhbərliyi komandanın əfsanəvi futbolçularından olan Rıza Çalımbayı “sükanı arxasına” gətirmişdi. Noyabrın 10-da “qara qartallar”la müqavilə bağlamış Çalımbay komandanı bu müddətdə cəmi 7 oyuna çıxarıb. Bu görüşlərdə 1 heç-heçə edib, 3 qələbə qazanıb və 3 məğlubiyyətə üzülüb. Son olaraq ötən gün “Alanyaspor”a doğma meydanda 1:3 hesablı məğlubiyyət Çalımbayın istefaya göndərilməsi ilə nəticələnib.

Xatırladaq ki, bu, Çalımbayın “Beşiktaş”da baş məşqçi kimi ikinci dönəmi idi. O, 2005-ci ildə də “qara qartallar”a rəhbərlik edib. Həmin vaxt İstanbul təmsilçisi Çalımbayın rəhbərliyi altında 31 matça çıxıb, 18 qələbə qazanıb, 8 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.

Rıza Çalımbay vaxtilə “Beşiktaş”da köməkçi məşqçi kimi də çalışıb. Daha sonra o, “Göztəpə”, “Dənizlispor”, “Ankaragücü”, “Rizəspor”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor”, “Konyaspor” və “Sivasspor” kimi komandalara rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: