Boban Mitev: “Sabah”ı təmsil etməkdən qürur duyuram”

“Sabah”ın basketbol komandasının baş məşqçisi Boban Mitev Serbiya səfəri öncəsi jurnalistlərə açıqlama verib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionuna bu yay baş məşqçi təyin olmuş Şimali Makedoniyadan olan 50 yaşlı mütəxəssis bunları söyləyib:

“Sabah” klubunu təmsil etməkdən və burada olduğum üçün qurur duyuram. Hazırlığa bir qədər gec başlasaq da, hər şeyin yaxşı olacağına inanıram. “Sabah” rəhbərliyi bizə hər cür şərait yaradıb. Belqradda keçirəcəyimiz yoldaşlıq oyunlarında öz səhvlərimizi görəcəyik və basketbolçularımızın real gücünü biləcəyik. Məqsədim ilk növbədə burada bir irs qoymaq və azərbaycanlı basketbolçuları yetişdirməkdir. Azərbaycanı yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Komandanın basketbolçusu Pavle Marçinkoviç də öz fikirlərini bölüşüb:

“Düşünürəm ki, təsnifat mərhələsini lider kimi bitirib, müntəzəm çempionata vəsiqə qazanacağıq. Bir neçə gündən sonra daha yaxşı səviyyədə olacağımızı düşünürəm. Dəfələrlə belə hallarla üzləşmişəm. Bu, ilk deyil. Məncə, bir-birimizə uyğunlaşa biləcəyik”.

Xatırladaq ki, “Sabah” sentyabrın 6-da Serbiyanın paytaxtı Belqrad şəhərinə yollanacaq və burada təlim-məşq toplanışında olacaq. Sentyabrın 18-nə kimi davam edəcək təlim-məşq toplanışı “Srvena Zvezda”nın təlim-məşq bazasında baş tutacaq. Hazırlıq zamanı 6 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

“Sabah” basketbolçularının qarşılaşacağı rəqiblərin siyahısını və oyunların tarixini təqdim edirik:

8 sentyabr. “Vrsaç” (Serbiya)
10 sentyabr. “Radniçki (Serbiya)
13 sentyabr. “OKK Belqrad” (Serbiya)
15 sentyabr. “Boraç Zemun” (Serbiya)
16 sentyabr. “Srvena Zvezda 2” (Serbiya)
17 sentyabr. “Zlatibor” (Serbiya)

“Sabah” bu mövsüm 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək. Komandamız FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində mübarizə aparacaq. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar” (Qroningen, Niderland), “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: