Basketbol üzrə “Sabah” komandasının baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda “Donar”a qarşı oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu FIBA Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunlarının keçiriləcəyi “Kale Arena”da məşqə çıxıb.
A qrupunda mübarizə aparan “Sabah” ilk oyununu oktyabrın 2-də Niderlandın “Donar” (Qroningen) klubuna qarşı keçirəcək. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşma İctimai Televiziyanın rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Baş məşqçi Boban Mitev “Donar”la oyuna hazırlığı belə dəyərləndirib:
“Komandamızın hazırlığı məni qane edir. İlk oyundan gözləntilərə gəldikdə isə sona qədər mübarizə aparıb qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik. Azərbaycanlı basketbol həvəskarlarını sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər üç oyunda qələbə üçün döyüşəcəyik. Basketbolçularımın simasında əsl döyüşçü obrazı görmək istəyirəm. Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, hər 3 oyunda qələbə qazana bilərik”.
“Sabah”ın kapitanı Endər Poladxanlı da bu oyundan öncə fikirlərini bölüşüb:
“Məşqçilər heyəti Bakıda son 1 həftə ərzində bizə sabah qarşılaşacağımız “Donar”ın keçmiş oyunlarını izlədirdi. Onların müdafiəsinə qarşı necə oynayacağımızı analiz etmişik. Çalışacağıq ki, oyundan-oyuna artıraq. Hər rəqibə qarşı fərqli tərzdə hazırlaşacağıq. 18 ildən sonra klub səviyyəsində ölkə basketbolunu avrokuboklarda təmsil edirik. Buna görə də qazanmaq niyyətindəyik. Amma bu, basketboldur, hər şey ola bilər. Təcrübəsizlik, avrokuboklarda uzun müddətdir çıxış etməməyin təsiri hiss oluna bilər. Çox yaxşı komandamız var. İnanıram ki, hər üç rəqibə qalib gələ bilərik. Əsas hədəf qrupda birinci yer tutmaqdır. Bu olmasa belə, əlimizdən gələni edəcəyik ki, Azərbaycan basketbolunu Avropada yüksək səviyyədə təmsil edək”.
Qeyd edək ki, “Sabah” 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək ilk komandadır. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar”dan başqa “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə də qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki “Kale Arena”da keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.


