“Borussiya” Niderland millisinin hücumçusu ilə gücləndi

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Niderland millisinin və PSV-nin hücumçusu Donyell Maleni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bir müddət öncə Ceydon Sançonu “Mançester Yunayted”ə 85 milyon avroya satan “Borussiya”nın Malenə görə PSV-yə 30 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Malen peşəkar karyerasına 2018-ci ildə məhz PSV-də başlayıb. O, ötən mövsüm bu komandanın ən məhsuldar futbolçusu olub. Belə ki, gənc hücumçu meydana çıxdığı 45 matçda 27 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə isə o, Niderland klubunda meydana çıxdığı 116 matçda 55 qola imza atıb.

Donyell Malen 2019-cu ildən Niderland yığmasına da dəvət alır. O, AÇ-2020-də də millinin heyətində yer almışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: