Boyan Krkiç “Barselona”da vəzifə aldı

İspaniya çempionu “Barselona”nın sabiq futbolçusu Boyan Krkiç Kataloniya klubunun idman idarəçiliyi strukturunda vəzifə alıb.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Krkiç “Barselona”nın yeni idman direktoru Dekunun komandasına qoşulub. Boyan “Barselona”nın digər klublarda icarə əsasında çıxış edən gənc futbolçularının müşahidəsi və qiymətləndirilməsi ilə məşğul olacaq. O, həmçinin “Barselona” oyunçularının əsas komandaya transferinə cavabdehlik daşıycaq.

Xatırladaq ki, bundan əvvəl Krkiç, Yohan Kroyf adına İnstitutda idman menecmenti üzrə magistr dərəcəsi alıb. Daha sonra “Barselona” prezidenti Joan Laporta üç qitədə və yeddi ölkədə oynamış Boyanın zəngin həyat təcrübəsinin əsas gətirərək, onun “Barselona”ya faydalı ola biləcəyini açıqlamışdı.

Boyan Krkiç məhz “Barselona”nın yetirməsidir. O, 2011-ci ilə qədər bu klubun əsas komandasında 163 oyuna çıxıb, 41 qol və 19 məhsuldar ötürmə müəllifi olub. Daha sonra 12 milyon avro qarşılığında İtaliyanın “Roma” klubuna transfer olunan hücumçu burada ümidləri doğrultmayıb. 37 oyuna cəmi 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu 2012/13 mövsümündə İtaliyanın digər klubu “Milan”da icarədə oynayıb – 27 oyun, 3 qol və 3 məhsuldar ötürmə.

2013/14 mövsümündə “Barselona” Krkiçi heyətinə qaytarsa da, onu Niderland “Ayaks”ına icarəyə verib – 32 oyun, 5 qol, 6 məhsuldar ötürmə. 2014-cü ildə Krkiçi İngiltərənin “Stok Siti” klubu transfer edib. Burada 85 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan futbolçu Almaniyada “Maynts” (11 oyun, 1 qol, 1 məhsuldar ötürmə), İspaniyada “Alaves” (15 oyun, 1 qol) klublarında icarədə də olub. İspan forvard 2019-cu ildə “Stok Siti”ni Kanada “Monreal”ına dəyişib – 31 oyun, 7 qol, 4 məhsuldar ötürmə. 2021-ci ilin avqustundan isə o, “Vissel Kobe”nin uğurları üçün çalışırdı. Futbolçu sonuncu iş yerində 26 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Krkiç əsas millidə cəmi 1 oyun keçirib. O, ölkəsinin U-17 və U-21 yığmaları ilə Avropa çempionu olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: