Boyan Krkiç peşəkar futbolçu karyerasını bitirdi

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın sabiq hücumçusu Boyan Krkiç peşəkar karyerasını başa vurduğunu elan edib. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Krkiç 32 yaşında futboldan getməyə qərar verib. Son olaraq Yaponiyada “Vissel Kobe” klubunun formasını geyinmiş futbolçu artıq karyerasını sonlandırıb.

Boyan Krkiç məhz “Barselona”nın yetirməsidir. O, 2011-ci ilə qədər bu klubun əsas komandasında 163 oyuna çıxıb, 41 qol və 19 məhsuldar ötürmə müəllifi olub. Daha sonra 12 milyon avro qarşılığında İtaliyanın “Roma” klubuna transfer olunan hücumçu burada ümidləri doğrultmayıb. 37 oyuna cəmi 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu 2012/13 mövsümündə İtaliyanın digər klubu “Milan”da da icarədə oynayıb – 27 oyun, 3 qol və 3 məhsuldar ötürmə.

2013/14 mövsümündə “Barselona” Krkiçi heyətinə qaytarsa da, onu Niderland “Ayaks”ına icarəyə verib – 32 oyun, 5 qol, 6 məhsuldar ötürmə. 2014-cü ildə Krkiçi İngiltərənin “Stok Siti” klubu transfer edib. Burada 85 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan futbolçu Almaniyada “Maynts” (11 oyun, 1 qol, 1 məhsuldar ötürmə), İspaniyada “Alaves” (15 oyun, 1 qol) klublarında icarədə də olub. İspan forvard 2019-cu ildə “Stok Siti”ni Kanada “Monreal”ına dəyişib – 31 oyun, 7 qol, 4 məhsuldar ötürmə. 2021-ci ilin avqustundan isə o, “Vissel Kobe”nin uğurları üçün çalışırdı. Futbolçu sonuncu iş yerində 26 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Krkiç əsas millidə cəmi 1 oyun keçirib. O, ölkəsinin U-17 və U-21 yığmaları ilə Avropa çempionu olub. Hücumçunun klub karyerasındakı uğurları isə bunlardır:

“Barselona”

İspaniya La Liqasının qalibi: 2008/09, 2009/10, 2010/11
İspaniya Kubokunun qalibi: 2008/09
İspaniya Super Kubokunun qalibi: 2009, 2010
UEFA Çempionlar Liqasının qalibi: 2008/09, 2010/11
UEFA Super Kubokunun qalibi: 2009
FIFA Klublararası Dünya Çempionatının qalibi: 2009

“Ayaks”

Niderland çempionatının qalibi: 2013/14
Niderland Super Kubokunun qalibi: 2013

“Monreal”

Kanada çempionatının qalibi: 2019

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: