Futbol üzrə ABŞ milli komandasının sağ cinah müdafiəçisi Brayan Reynolds İtaliyanın “Roma” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi 22 yaşlı futbolçusunu Belçikanın “Vesterlo” klubuna satıb.
“Canavarlar” bu keçiddən 3,5 milyon avro qazanıblar. Amerikalı futbolçu Belçika klubu ilə 4 illik müqavilə bağlayıb.
Brayan Reynolds 2021-ci ilin fevralında yetirməsi olduğu “Dallas” klubundan “Roma”ya gəlmişdi. İtaliya klubu həmin vaxt bu transfer üçün 6,85 milyon avro xərcə düşmüşdü. Amma o, “canavarlar”ın əsas komandasında cəmi 8 matça çıxıb. 2022-ci ildə Belçikanın digər klubu “Kortreyk”də icarədə olmuş futbolçu ötən mövsümü də məhz “Vesterlo”da icarədə keçirib. O, bu komandada 34 oyuna 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Reynolds ABŞ milli komandasında da 7 oyuna çıxıb, 1 qol vurub.
“Roma” özbək hücumçusu Eldor Şomurodovu da “Kalyari”yə icarəyə verib. 28 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Ötən mövsümün ikinci dövrəsini də “Spetsiya”da icarədə keçirmiş Şomurodov 2021-ci ildən “Roma”dadır. O, bu komandada 48 oyuna 6 qol və 6 assist müəllifi olub. “Bunyodkor”un yetirməsi Rusiyada “Rostov”un, İtaliyada “Cenoa”nın da formasını geyinib. O, Özbəkistan millisində 65 oyuna çıxıb, 37 qol vurub.
“Kalyari” “Sampdoriya”nın sol cinah müdafiəçisi Tommazo Aucellonu da transfer edib. Klub bu keçidə görə 2 milyon avro ödəyib. 28 yaşlı italyan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Tommazo Aucello 2019-cu ildən formasını geyindiyi “Sampdoriya”da 134 oyun keçirib, 4 qol və 13 məhsuldar ötürmə müəllifi olub. O, “Spetsiya”, “Cana Erminio” və “Ponte San Pietro” klublarında da forma geyinib.
“Kalyari”nin sol cinah müdafiəçisi Antonio Barreka da “Kalyari”yə keçib. O da yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 28 yaşlı italyan ötən ilin yayından formasını geyindiyi “Kalyari”də 41 oyuna 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Torino”, “Çittadella”, “Leççe”, “Cenoa”, “Monako”, “Fiorentina” və “Nyukasl” kimi klublarda da forma geyinib.


