“Brayton”dan ayrılan Stiven Alsate “Hall Siti”də

Futbol üzrə Kolumbiya milli komandasının mərkəz yarımmüdafiəçisi Stiven Alsate İngiltərənin “Brayton” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, İngiltərə vətəndaşlığı da olan 26 yaşlı futbolçu bu ölkənin digər klubu “Hall Siti”yə keçib.

Azad agent statusuna malik yarımmüdafiəçi Çempionşip təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atıb.

Stiven Alsate İngiltərənin “Leyton Orient” klubunun yetirməsidir. 2017-ci ildən “Brayton”un uğurları üçün çalışan kolumbiyalı futbolçu Premyer Liqa klubunun əsas komandasında 51 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Alsate “Brayton”da olduğu müddətdə Belçikanın “Standard” (Lyej) və İngiltərənin “Suindon Taun” klublarında icarədə də çıxış edib.

Stiven 2019-cu ilin noyabr ayında Kolumbiya yığma komandasında debüt edib. O, millinin heyətində indiyə qədər 7 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: