Brendan Rocers sabiq klubuna qayıtdı

Şimali İrlandiyadan olan futbol mütəxəssisi Brendan Rocers yenidən Şotlandiyanın “Seltik” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 50 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.

Xatırladaq ki, Brendan Rocers 2016-2019-cu illər aralığında da “Seltin”in sükanı arxasında çalışıb. O, 2019-cu ilin fevral ayında məhz bu klubdan ayrılaraq İngiltərənin “Lester Siti” komandasının baş məşqçisi təyin olunmuşdu. Amma geridə qalan mövsümdə lesterlilərin uğursuz çıxışı Rocersin bu ilin aprel ayında istefaya göndərilməsi ilə nəticələnmişdi. Mövsümün sonunda isə “Lester Siti” İngiltərə Premyer Liqasını tərk edərək Çempionşipə yuvarlanıb.

Bir sözlə, Rocers 4 illik fasilədən sonra yenidən “Seltik”ə rəhbərlik edəcək. O, daha öncə “Liverpul”, “Suonsi Siti”, “Ridinq və “Uotford”da da baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: