Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa”nın sol cinah vingeri Bruma uzun müddətə sıradan çıxıb.
Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, komandanın aparıcı üzvlərindən olan Qvineya əsilli portuqaliyalı futbolçu dizindən zədə alıb. Onun yanvarın 29-da əməliyyat olunacağı və 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, portuqaliyalı yarımmüdafiəçi “Qarabağ”la oyunları buraxacaq.
Bruma 2023-cü ilin yanvarından “Braqa”da çıxış edir. Portuqaliya klubu həmin vaxt onu Türkiyə nəhəngi “Fənərbaxça”dan icarəyə götürmüş, daha sonra 6,5 milyon avro ödəməklə vingerin transfer hüquqlarını da alıb. 29 yaşlı futbolçunun bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, daha öncə “Sportinq” (Lissabon), “Qalatasaray”, “Qaziantepspor”, “Real Sosyedad”, “Leypsiq”, PSV, “Olimpiakos”, “Fənərbaxça” kimi klubların formasnı geyinib.
2017-ci ilin noyabrında Portuqaliya yığmasında debüt etmiş yarımmüdafiəçi milli komandada 11 oyuna çıxıb, 1 qola imza atıb.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.