Buffonun İtaliya yığmasında yeni vəzifəsi məlum oldu

Futbolçu karyerasını bitirdiyini elan etdikdən az sonra İtaliya yığmasına qayıdışını açıqlamş Canluici Buffonun yeni vəzifəsi məlum olub.

Arena.az İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya istinadən məlumat verir ki, Buffon İtaliya yığmasının nümayəndə heyətinin yeni rəhbəri olacaq.

Qabriele Qravinanın bu xüsusda fikirləri diqqətinizə çatdırırıq:

“Bu, İtaliya yığması üçün böyük gündür, çünki Buffon evə qayıdır. O, bizim futbolumuzun rəmzi və xüsusi şəxsiyyətdir. Onun ehtirası, xarizması və peşəkarlığı bu qeyri-adi məhəbbət hekayəsində yeni maraqlı səhifənin yazılmasında həlledici olacaq.

Şəxsən mən çox məmnunam, çünki onu yenidən yığmaya qaytarmaq, layihəmizə cəlb etmək bir müddətdir ki, mənim məqsədim olub. Onda yüksək səviyyəli menecer keyfiyyətlərini görürəm və İtaliya federasiyasında isə həyatının ikinci yarısına futbol aləmində başlaya bilər. Mən ona futbolçu kimi karyerasını müşayiət edən eyni məmnuniyyətlə yaşamasını arzulayıram”, deyə Qravina bildirib.

Xatırladaq ki, avqustun 2-də Buffon futboldan getdiyini açıqlamışdı.
45 yaşlı Buffon karyerası ərzində cəmi 3 klubda – “Parma”, “Yuventus” və PSJ-də çıxış edib.

Buffon peşəkar karyerası ərzində 29 kubok qazanıb. Qapıçının adı “Yuventus”la daha çox bağlıdır. Turin klubu ilə Buffon 10 dəfə İtaliya A Seriyasını, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb.

İtaliya yığmasının heyətində 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatında qazandığı çempionluq Buffonun karyerasının zirvə anıdır. Ancaq əfsanəvi qapıçıya UEFA Çempionlar Liqasını qazanmaq nəsib olmayıb. Buffon çox çalışsa da, qələbəyə nail olmayıb, yalnız finalçı adı ilə kifayətlənməli olub.

Klub karyerası ərzində Buffon 975 oyun keçirib, 825 qol buraxıb, 429 oyunda qapısının toxunulmazlığını təmin edib.

Buffon İtaliya yığmasının heyətində 176 oyun keçirib, 146 qol buraxıb, 77 oyundan “quru” çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: