Burak Yılmaz da ayrıldı – “Beşiktaş”da növbəti istefa

Türkiyənin “Beşiktaş” komandasında baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Burak Yılmaz istefa verib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssisin öz istəyi ilə postundan ayrıldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, “Beşiktaş” ötən gün Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Norveçin “Bodo Qlimt” komandasına 1:2 hesabı ilə uduzub. Nəticədə “qara qartallar”ın qrupdan çıxa bilməyəcəyi dəqiqləşib. Qrupdakı son iki oyun İstanbul təmsilçisi üçün formal xarakter daşıyacaq. Bu komanda hazırda 1 xalla sonuncu pillədə qərarlaşıb. “Brügge”nin 10, “Bodo Qlimt”in 7, “Luqano”nun isə 4 xalı var.

Qeyd edək ki, “Beşitaş”ın Türkiyə Super Liqasında da işləri yaxşı getmir. Komanda cari mövsümdə 11 oyuna 19 xal toplayıb və 5-ci pillədə qərarlaşıb. “Qara qartallar” 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb və 6 qələbə qazanıblar.

Burak Yılmaz bu mövsümün gedişində Şenol Günəşin istefasından sonra müvəqqəti baş məşqçi təyin edilmişdi. O, Şenol Günəşin köməkçilərindən biri idi. “Qara qartallar” 38 yaşlı məşqçinin rəhbərliyi altında cəmi 5 oyuna çıxıblar. Bu oyunlarda cəmi 1 qələbə qazanmış “Beşiktaş” 4 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: