Futbol üzrə Türkiyə milli komandasının sabiq hücumçusu Burak Yılmaz peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 37 yaşlı hücumçu qərarını bu gün keçirdiyi xüsusi mətbuat konfransında açıqlayıb:
“Məlum oldiğu kimi, dünən axşam dünyanın ən böyük oyunçularından biri Zlatan İbrahimoviç stadionda ağlayaraq və əl yelləyərək futbolla vidalaşdı. Mən də elə getmək istədim, amma alınmadı. Qərarı internet vasitəsilə açıqlamaq isə ürəyimə yatmadı. Bunun karyerama yaraşmayacağını düşündüm. Hər zaman birbaşa ünsiyyətin tərəfdarı olmuşam. Ona görə də bu gün sizin qarşınızda karyeramı bitirdiyimi bildirmək istəyirəm.
22 illik bir təcrübəm var. Türkiyənin və Avropanın ən böyük məşqçiləri ilə çalışdım. Onlara təşəkkür edirəm. Mənə qatlanmaq asan deyildi. Bu üzdən hər kəs haqqını halal etsin”.
Xatırladaq ki, Burak Yılmaz son olaraq Niderlandın “Fortuna Sittard” klubunda forma geyinib. O, Çinin “Beytsin Qoan” və Fransanın “Lill” klublarında da legioner həyatı yaşayıb.
Təcrübəli hücumçu ölkəsin də “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Trabzonspor”, “Əskişəhərspor”, “Manisaspor” və “Antalyaspor” kimi komandalarda forma geyinib.
Hücumçu “Qalatasaray”la 2012/2013 və 2014/2015 mövsümlərində Türkiyə çempionu olub, “Lill”in heyətində isə 2020/2021 mövsümündə Fransa çempionu adını qazanıb. Burak Türkiyə kubokunda da 5 dəfə zəfər yaşayıb (“Beşiktaş”la 2006/2007, “Trabzonspor”la 2009/2010, “Qalatasaray”la 2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərində). Futbolçu 2010-cu ildə “Trabzonspor”la, 2013, 2015 və 2016-cı illərdə isə “Qalatasaray”la Türkiyə Super Kubokunu qazanıb. Onun qazandığı titullar arasında “Lill”in heyətində 2021-ci ildə əldə etdiyi Fransa Super Kuboku da var.
Burak Türkiyə yığmasında da 77 oyun keçir, 31 qol vurub.