Futbol üzrə Türkiyə millisinin hücumçusu Burak Yılmaz özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, o, bundan sonrakı karyerasını Niderlandda davam etdirəcək.
37 yaşlı hücumçu bu ölkənin “Fortuna” (Sittard) klubu ilə anlaşıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar.
Təcrübəli forvard bu komandadakı ilk 2 ilində oyunçu kimi çıxış edəcək. O, sonrakı 3 ildə isə “Fortuna”da məqşçi kimi çalışacaq.
Xatırladaq ki, Burak Yılmaz 2020-ci ildən Fransanın “Lill” komandasında çıxış edirdi. Türkiyə millisinin sabiq üzvü Liqa 1 təmsilçisindən bu yay azad agent kimi ayrılmışdı. O, “Lill”də keçirdiyi 2 mövsüm ərzində 73 matça çıxıb, 25 qola imza atıb. Təcrübəli futbolçu 2020/21 mövsümündə bu klubla Fransa çempionu da olub.
Burak karyerası ərzində “Antalyaspor”, “Beşiktaş”, “Manisaspor”, “Fənərbaxça”, “Əskişəhərspor”, “Trabzonspor”, “Qalatasaray”, “Beijing Guoan” və “Beşiktaş” klublarının da formasını geyinib. O, Türkiyə millisində keçirdiyi 77 oyunda 31 qol vurub.


