Futbol üzrə Mərakeş yığmasının mərkəz müdafiəçisi Çadi Riad bundan sonra “Kristal Pelas”ın formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı futbolçunun transferi İngiltərə klubuna 15 milyon avroya başa gəlib. Onunla 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Çadi Riad İspaniyanın “Barselona” klubunun yetirməsidir. Gənc müdafiəçi 2023-cü ilin yayında icarə əsasında İspaniya La Liqasının digər təmsilçisi “Betis”ə keçmişdi. “Betis” bu yay 9 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Sözügedən klub onu məhz “Kristal Pelas”a satıb, əlavə pul qazanmaq üçün almışdı.
Riad “Barselona”nın əsas komandasında cəmi 1, “Betis”də isə 30 oyun keçirib.
Mərakeşin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Çadi, bu ilin yanvarından əsas millidə forma geyinir. O, Mərakeş millisində 3 oyuna çıxıb, 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı mərakeşli müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.