İngiltərənin “Brayton” klubu yarımmüdafiəçisi Alireza Cahanbaxş ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi iranlı futbolçunu Niderland “Feyenoord”una satıb.
Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vingerlə 4+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək. “Feyenoord” bu transferlə “Ayaks”a satdığı Steven Berqeysi əvəz etməyə çalışıb.
Alireza Cahanbaxş 2018-ci ildən “Brayton”da çıxış edirdi. O, geridə qalan üç mövsümdə bu komandanın heyətində 61 oyuna çıxıb, 4 qol vurub.
İran yığmasında 53 oyuna 8 qol vurmuş futbolçu, əvvəllər Niderlandda “Neymegen” və “Alkmaar” klublarında forma geyinib. O, ölkəsində də Tehran və Gilan “Damaş”larının uğurları üçün çalışıb.


