İngiltərə Premyer Liqasında mübarizə aparan “Nyukasl” klubunun mərkəz müdafiəçisi Camal Lassells uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Premyer Liqanın 30-cu turu çərçivəsində baş tutan “Vest Hem”lə matçda zədə alan futbolçunun zədəsi ciddidir. Sağ dizinin çarpaz bağı qopan müdafiəçi üçün mövsüm erkən bitib. Onun bərpasının 6 aydan 9 aya qədər çəkməsi ehtimal edilir.
Xatırladaq ki, Lassells “Vest Hem”lə ev oyununun əvvəlindəcə zədə almış və 17-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. “Nyukasl” bu matçdan 4:3 hesablı çətin qələbə ilə ayrılmışdı.
Camal Lassells 2014-cü ilin avqust ayından “Nyukasl”da forma geyinir. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 26 oyunda 1 qol vurmuşdu. “Nyukasl”ın kapitan sarğısını daşıyan 30 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində bütövlükdə 251 matç keçirib, 15 qol vurub, 4 məhsuldar ötürmə verib.
Lassells daha öncə “Nottingem Forest” və “Steveneyc” kimi klubların da formasını geyinib. Müdafiəçi vaxtilə İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.


