Ötən ilin dekabrında “Fatih Karagümrük” ilə yollarını ayırmağa qərar verən müdafiəçi Caner Erkin Super Liqada özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, Türkiyə millisinin də üzvü olan futbolçu bundan sonra “Başakşəhər”in uğurları üçün çalışacaq.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 34 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında 88 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Caner Erkin 2021-ci ilin sentyabrında “Fənərbaxça”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. Bu mövsüm sözügedən komandada 12 oyuna çıxan sol cinah müdafiəçisi, 6 məhsuldar ötürmə müəllifi olub. O, İstanbul təmsilçisində bütövlükdə 43 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə verib. Caner karyerası ərzində “Manisaspor”, ÇSKA (Moskva, Rusiya), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”ın da formasını geyinib. Təcrübəli futbolçu Türkiyə millisində də 63 oyun keçirib, 2 qol vurub.
“Başakşəhər” fransalı yarımmüdafiəçisi Munir Şuyarı isə “Kasımpaşa”ya icarəyə verib. Fransadan olan 24 yaşlı col cinah vingerinin bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə göndərildiyi açıqlanıb.

Fransanın “Lans” klubunun yetirməsi olan Munir Şuyar “Başakşəhər”ə 2022-ci ilin iyul ayında 1.5 milyon avro qarşılığında transfer olunmuşdu. O, İstanbul təmsilçisində meydana çıxdığı 30 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Daha öncə icarə əsasında Türkiyənin “Yeni Malatyaspor” klubunda da oynamış futbolçu, bu komandada 26 oyuna 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi öz ölkəsində “Dijon”un da formasını geyinib, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.
Yeri gəlmişkən, Caner Erkinin artıq keçmiş klubu olan “Fatih Karagümrük” də heyətinə yeni futbolçu cəlb edib. Super Liqa təmsilçisi Portuqaliyanın “Braqa” klubundan müdafiəçi Bruno Rodriqesi icarəyə götürüb. Portuqaliyadan olan 21 yaşlı mərkəz müdafiəçisi bu mövsümün sonunadək Türkiyədə forma geyinəcək.
Bruno Rodriqes “Braqa”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 36 oyuna çıxıb, 2 qol da vurub. Müdafiəçi Portuqaliyanın U-18 və U-19 yığmalarında da forma geyinib.


