Caner Erkin və Adnan Yanuzay “Başakşəhər”dən getdi

Türkiyənin “Başakşəhər” klubu üç futbolçusu – Caner Erkin, Adnan Yanuzay və Lukas Bilya ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubundan icarəyə götürülmüş Yanuzayın icarə müddəti bitib və o, La Liqa təmsilçisinə qayıdıb.

Caner və Lukasın isə klubla müqaviləsinin müddəti bitdiyi üçün komandanı tərk ediblər.

Xatırladaq ki, Caner Erkin bu ilin yanvarında azad agent kimi “Başakşəhər”lə müqavilə bağlamışdı. 34 yaşlı sol cinah müdafiəçisi İstanbul klubunun heyətində 10 matça çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Fənərbaxça”, “Beşiktaş”, ÇSKA (Moskva), “Fatih Karagümrük”, “Manisaspor”, “Qalatasaray” kimi klublarda da oynamış müdafiəçi, Türkiyə yığmasında 63 matç keçirib, 2 qol vurub.

Adnan Yanuzay bu ilin fevralında icarə əsasında “Başakşəhər”ə cəlb olunmuşdu. O, İstanbul təmsilçisində 17 oyun keçirib, 3 qol və 3 assistlə yadda qalıb. Belçikadan olan 28 yaşlı vinger “Real Sosyedad”, “Mançester Yunayted”, “Sanderlend”, “Borussiya” (Dormtund), “Sevilya” kimi klublarda da forma geyinib. O, Belçika millisində də 15 matç keçirib, 1 qola imza atıb.

Lukas Bilya isə “Başakşəhər”ə 2022-ci ilin iyulunda “Fatih Karagümrük”dən azad agent kimi ayrılaraq keçmişdi. 37 yaşlı futbolçu bu klubun forması altında 42 matça çıxıb. Argentinalı dayaq yarımmüdafiəçisi “Anderlext”, “Latsio”, “Fatih Karagümrük”, “Milan”, “İndependiente”, “Arxentinos Xuniors” kimi klublarda da forma geyinib. O, Argentina yığmasında da 58 matça çıxıb, 1 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: