Canluici Buffon karyerasını bitirməyinin səbəbini açıqladı

Futbol üzrə İtaliya yığmasının əfsanəvi qapıçısı Canluici Buffon bu yay peşəkar karyerasını başa vurmasının səbəbini açıqlayıb.

Arena.az “Atlanta Journal Constitution” dərgisinə istinadən Buffonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Oynamağa davam etməyin mənası yox idi. Düşünürəm ki, getmək üçün doğru vaxt gəlmişdi, mən uyğun yaşdayam. Ötən mövsüm sınaq idi. Mən buna əla formada başladım, amma yenə də zədələndim və bu, mənim üçün bir siqnal oldu”, deyə Buffon vurğulayıb.

Xatırladaq ki, avqustun 2-də Buffon futbolçu karyerasına xitam verdiyini bəyan etmişdi. Buffon “Parma”nın yetirməsidir və futbol aləmində tanınması “Parma”dakı çıxışı ilə bağlıdır (1995-2001). Ardınca istedadlı qapıçı “Yuventus”a keçib və bir qapıçı kimi yüksək səviyyəyə tərəqqi edərək ən güclülərdən birinə çevrilib. 2001-2018-ci illərdə “qoca sinyora”nın heyətində çıxış etmiş Buffon, 2018-2019 mövsümünü PSJ-də keçirib və yenidən Turinə qayıdaraq daha iki il “Yuventus”da çıxışını davam etditib (2019-2021). 2021-2023-cü illər Buffon üçün xüsusilə əlamətdardır, doğma klubu “Parma”ya qayıdaraq, Buffon komandanın A Seriyasına çıxması üçün böyük səylə çalışsa da, son anda bu imkanı əldən verib.

Buffon “Yuventus”la 10 dəfə İtaliya çempionu olub, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb. Maraqlıdır ki, əfsanəvi qapıçı Çempionlar Liqasını qazanmağa üç dəfə yaxın olsa da, hər dəfə gümüş medalla kifayətlənməli olub (2003, 2015, 2017). Canluici Buffon 2006-cı ildə İtaliya yığmasının heyətində Dünya Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: