Canluici Buffona 15 milyon avroluq müqavilə təklif etdilər

Səudiyyə Ərəbistanı klublarından birinin məşhur italyan qapıçı Canluici Buffona təklifinin təfərrüatı məlum olub.

Arena.az bu barədə jurnalist-insayder Nikolo Skiraya istinadən xəbər verir.

Səudiyyə Ərəbistanı klubu tərəfindən Buffona 2025-ci ilə qədər, ili 15 milyon avro məvaciblə müqavilə təklif edilib.

Geridə qalmış mövsümdə Buffon “Parma”nın uğurları üçün çalışsa da, son anda komanda pley-off oyunlarında büdrəyərək A Seriyasına qayıda bilməyib. Buffon 2022/2023 mövsümündə “Parma”nın heyətində 19 oyuna çıxıb, 24 qol yeyib, 5 oyundan “quru” çıxıb.

Buffon İtaliya yığmasının heyətində 5 dünya çempionatında (DÇ-98, DÇ-2002, DÇ-2006, DÇ-2010, DÇ-2014) iştirak edib. DÇ-2006-da mundialın qalibi olmaqla yanaşı, turnirin ən yaxşı qapıçısı seçilib.
“Transfermarkt” internet-portalı Canluici Buffonu 1 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Buffonun karyerasını davam etdirmək üçün bir neçə variant üzərində düşündüyü bildirilmişdi. Buffon ya karyerasnı bitirmək, ya “Parma”da qalmaq, ya da Səudiyyə Ərəbistanına keçmək seçimini etməliydi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: