Castin Kluyvert Fransa klubunda

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Castin Kluyvert yenidən icarəyə verilib. Arena.az xəbər verir ki, o, bundan sonra Fransanın “Nitsa” klubunun uğurları üçün çalışacaq.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Liqa 1 təmsilçisi “canavarlar”ın futbolçusunu 2021/22 mövsümünün sonuna kimi icarəyə götürüb. Fransa klubu 2022-ci ilin yayında 10 milyon avro ödəməklə yarımmüdafiəçinin transfer hüquqlarına da sahib ola bilər.

Castin Kluyvert Niderland milli komandasının əfsanəvi futbolçularından olan Patrik Kluyvertin oğludur. “Ayaks”ın yetirməsi olan futbolçu 2018-ci ildən “Roma”da çıxış edirdi. O, ötən mövsümü də Almaniyanın “Leypsiq” klubunda icarədə keçirib.