Cavad Ağayev Avropa üçüncüsü oldu

Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü Cavad Ağayev Avropa çempionatını bürünc medalla başa vurub.

Arena.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, Nimrod Krivişski (İsrail), Sebastyan Tune (Norveç) və Strainya Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Cavid Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyindən taekvondoçumuz bürünc medalla kifayətlənməli olub.

Xatırladaq ki, Cavid Ağayevdən öncə Qaşım Maqomedov (58 kq) da 3-cü yeri tutmuşdu.

Beləliklə, Azərbaycan millisi Belqraddakı Avropa çempionatını 2 medalla bitirib. Yığmamız Avropa çempionatına 12 taekvondoçu (8 kişi, 4 qadın) yollanmışdı.

Yeri gəlmişkən, Belqradda parataekvondo üzrə də Avropa çempionatı keçirilib. Yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparıblar. Parataekvondoçularımız K-44 kateqoriyasında qüvvəsini sınayıb.

İmaməddin Xəlilov Avropa çempionu olub. Paris-2024 Yay Paralimpiya Oyunlarının lisenziyaçısı 1/4 finalda amerikalı Austin Osneri, yarımfinalda gürcüstanlı Giorgi Nikoladzeni məğlub edib.
Xəlilov finalda Fatih Çeliklə qarşılaşıb. Bu görüşdən də qalib ayrılan parataekvondoçumuz ardıcıl ikinci dəfə Avropa çempionu tituluna sahib çıxıb.

Yığmamızın digər üzvü Əbülfəz Abuzərli isə yarışı ikinci pillədə başa vurub. O, mübarizəyə 1/4 finaldan başlayıb. Abuzərli Arda Özkulu (Türkiyə) 23:9 hesabı ilə məğlub edib. Parataekvondoçumuz yarımfinalda Jozef Leynidən (Böyük Britaniya) də güclü olub – 12:3. Abuzərli finalda koreyalı Jeonqhun Joo ilə üz-üzə gəlib. Döyüş rəqibin 15:7 hesablı qələbəsi ilə başa çatdığından parataekvondoçumuz gümüş medalla kifayətlənib.

Beləliklə, kişi parataekvondoçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında komanda hesabında birinci yeri tutub.
Yığmamız siyahıda Türkiyə və AİN-i qabaqlayaraq, qitənin ən güclüsü adına yiyələnib.