“Çelsi” yarımmüdafiəçiləri Entso Fernandes və Mixaylo Mudrikin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına mane olub.
Arena.az xəbər verir ki, Fernandes Argentina yığma komandasının tərkibində Olimpiadada çıxış etməli idi.
Mudrik isə Ukrayna yığmasına çağırılmışdı. Bununla belə, İngiltərə klubunun yeni baş məşqçisi, italyan mütəxəssis Entso Mareska oyunçuların zədələnmə riskini nəzərə alaraq, buna mane olub. O, Fernandes və Mudrikin bu yay Premyer Liqada qarşıdan gələn mövsümə “zadəganlar”la birlikdə hazırlaşmalı olduğu barədə qərar alıb.
Entso Fernandes Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Bir müddət “Defensa”da icarə keçmiş Fernandesi “River Pleyt” “Benfika”ya satıb. 2023-cü ilin yanvarın 31-də isə “Çelsi” Fernandesi 121 milyon avro müqabilində “Benfika”dan öz düşərgəsinə qatıb. Argentinalı futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Fernandes “zadəganlar”ın heyətində 40 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib. 23 yaşlı futbolçu bu komandada bütövlükdə 62 oyuna çıxıb, 7 qol vurub, 5 assist edib.
Entso Fernandes 2022-ci ilin sentyabrında debüt etdiyi Argentina yığmasının heyətində 21 oyuna 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Yarımmüdafiəçi Argentina yığması ilə 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı argentinalı mərkəz yarımmüdafiəçisi Entso Fernandesin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.
Mixaylo Mudrik isə Donetsk “Şaxtyor”unun yetirməsidir. Ukraynalı vinger karyerası ərzində Kiyev “Arsenal”ı və “Desna”da icarə əsasında oynayıb, 2023-cü ilin yanvarında isə 70 milyon avro müqabilində “Şaxtyor”dan “Çelsi”yə keçib.
Geridə qalmış mövsümdə Mudrik “zadəganlar”ın heyətində 41 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib. O, paytaxt təmsilçisində bütövlükdə 58 matça çıxıb, 7 qol və 4 assistlə yadda qalıb.
Mudirikin qənimətlər muzeyində “Şaxtyor”la qazandığı Ukrayna çempionluğu və Ukrayna Kuboku var.
Mixaylo Mudrik 2022-ci ilin iyununda debüt etdiyi Ukrayna yığmasının heyətində 19 oyuna 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı ukraynalı vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


