Cennaro Qattuzo Marsel “Olimpik”indən qovuldu

Fransa nəhəngi Marsel “Olimpik”i italyan mütəxəssis Cennaro Qattuzo ilə əməkdaşlığa son verdiyini açıqlayıb.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir.

“Marsel “Olimpik”i hər gün göstərdikləri böyük töhfələrə və yüksək peşəkarlığa görə Cennaroya, eləcə də onun bütün heyətinə xüsusi təşəkkürünü bildirir və onlara gələcəkdə uğurlar arzulayır”, – klubun rəsmi bəyanatında bildirilir.

Xatırdaq ki, Qattuzo 2023-cü ilin sentyabrında “Olimpik”in sükanı arxasına gətirilmişdi. 46 yaşlı mütəxəssis Liqa təmsilçisini bütövlükdə 24 oyuna çıxarıb. Qattuzo marsellilərə 9 qələbə qazandırıb, 8 heç-heçə edib, 7 məğlubiyyət yaşayıb. Topların fərqi isə 45:35 nisbətindədir.

Marsel “Olimpik”i Liqa 1-də bu mövsüm 22 oyuna topladığı 30 xalla 9-cu pillədə qərarlaşıb. Cəmi 7 qələbə qazanmış komanda 9 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Cennaro Qattuzo daha öncə İspaniyada “Valensiya”nın, İtaliyada “Napoli”, “Milan”, “Piza” və “Palermo”nun, Yunanıstanda “OFİ Krete”nin, İsveçrədə “Syon”un da baş məşqçisi olub.

Xatırladaq ki, daha əvvəl, mətbuatda Qattuzonun xələfinin Kot d’İvuar yığmasının keçmiş baş məşqçisi Jan-Lui Qasse ola biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: