Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 45 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Qattuzonun istefaya göndərilməsinə “yarasalar”ın cari mövsümdə həm İspaniya La Liqasında, həm də İspaniya kubokunda uğursuz çıxış etməsi səbəb olub. Belə ki, komanda La Liqada keçirdiyi 18 oyunda cəmi 20 xal toplayıb. 5 qələbə, 5 heç-heçəsi olan kollektiv, 8 matçda da məğlubiyyətlə üzləşib. Komanda hazırda 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. “Valensiya” İspaniya kubokunda da mübarizəni dayandırıb.
Xatırladaq ki, Cennaro Qattuzo ötən ilin iyun ayında “Valensiya”nın baş məşqçisi təyin olunmuşdu. Həmin vaxt tərəflər 2 illik müqaviləyə imza atmışdılar. İtaliyalı mütəxəssis bu komandanı 22 matçda çıxarıb. “Valensiya” bu görüşlərdə 7 qələbə qazanıb, 6 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb. Qattuzo daha öncə “Napoli”, “Milan”, “Piza”, “OFİ Krete” və “Palermo”nu da çalışdırıb.


