“Cenoa” Aaron Martin və 2 yeni qapıçı ilə gücləndi

İtaliyanın “Cenoa” klubu heyətini 3 yeni futbolçu – müdafiəçi Aaron Martin, qapıçılar Nikola Leali və Daniele Sommariva ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Aaron Martin Almaniyanın “Maynts” klubundan azad agent kimi ayrılaraq “Cenoa”ya keçib. 26 yaşlı ispanla 3 illik müqavilə imzalanıb. O, 2018-ci ildən formasını geyindiyi Bundesliqa təmsilçisində 124 oyun keçirib, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Sol cinah müdafiəçisi daha öncə ölkəsində “Espanyol” və “Selta”nın da formasını geyinib.

Nikola Leali ilə Daniele Sommariva isə müvafiq olaraq “Askoli” əv “Peskara”dan “Cenoa”ya keçiblər. 30 yaşlı Leali ilə 3 illik müqavilə imzalanıbsa, 25 yaşlı Sommariva ilə sözləşmənin müddəti açıqlanmayıb.

Leali 2019-cu ildən formasını geyindiyi “Askoli”də 134 oyun keçirib. İtalyan qolkiper əvvəllər “Spetsiya”, “Virtus Lansano”, “Frozinone”, “Breşiya”, “Çezena”, “Olimpiakos”, “Peruca”, “Focca”, “Sulte Varegem” kimi klublarda da oynayıb. O, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.

Sommariva isə “Peskara”ya ötən ilin yayında qoşulmuşdu və bu komandada cəmi 13 oyun keçirib. Vaxtilə “Cenoa”da gənclərdən ibarət komandada oynamış italyan qolkiper “Noçerina”, “Montsa”, “Milano Siti” kimi klubların da formasını geyinib.

“Cenoa” təcrübəli futbolçuları Milan Badel və Kevin Strotmanla da yeni müqavilə imzalandığını açıqlayıb. Amma onlarla müqavilənin müddəti açıqlanmayıb.

Adrian Semper, Cakomo Kalo, Aleksander Buksa və Lennart Çiborra isə “Cenoa”dan ayrılıblar. Semper “Komo”ya, Kalo “Kosentsa”ya, Buksa “Tirol”a, Çiborra isə “Zvolle”yə transfer olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: