“Cenoa”da Ruslan Malinovski şoku – ayağı sındı

Futbol üzrə Ukrayna milli komandasının və İtaliyanın “Cenoa” klubunun yarımmüdafiəçisi Ruslan Malinovski ağır zədə ilə üzləşib.

Arena.az xəbər verir ki, İtaliya A Seriyasının 2024/2025 mövsümünün 5-ci turu çərçivəsində baş tutan “Venesiya” ilə oyunda Malinovskinin ayağı sınıb.

O, 0:2 hesabıyla uduzduqları bu oyunda topa zərbə endirmək istəyərkən uğursuz şəkildə yerə yıxılıb və bu zaman ayağı sınıb. Futbolçu xərəkdə meydandan çıxarılıb. Ruslanın bu gün əməliyyat olunacağı və uzun müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xatrladaq ki, “Cenoa” Malinovskini 2023/2024 mövsümünün əvvəlində, 2023-cü ilin avqust ayında Marsel “Olimpik”indən icarə əsasında heyətinə qatmışdı. İtaliya klubu bu ilin yanvar ayında “Olimpik”ə 7 milyon avro ödəməklə 30 yaşlı ukraynalını birdəfəlik transfer etmişdi.

Malinovskinin A Seriyası təmsilçisi ilə müddəti 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləsi mövcuddur. O, “Cenoa”nın heyətində indiyə qədər 36 oyuna çıxıb, 4 qol vurub, 3 assist edib.

Ruslan Malinovski daha öncə Marsel “Olimpik”indən başqa “Şaxtyor” (Donetsk), “Sevastopol”, “Zarya”, “Genk”, “Atalanta” kimi klublarda da forma geyinib.

Hücumameyilli yarımmüdafiəçi 2015-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasında da 66 oyun keçirib, 7 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: